"Xəzər Lənkəran" 3 yerli futbolçu ilə müqavilə bağladı
27.05.2010 11:13
"Xəzər Lənkəran" üç yerli futbolçu - Xaqani Məmmədov, Asif Məmmədov və Tural Cəlilovla iki illik müqavilə imzalayıb.
Daha öncə də "Xəzər Lənkəran"ın şərəfini qorumuş Xaqani Məmmədov yenidən komandamıza dönüb. 33 yaşlı forvard 2006-cı ilin yayında komandamızdan ayrıldıqdan sonra "Olimpik", "İnter" və "Karvan"ın formasını geyinib və 2007/08 mövsümündə 23 oyunda 19 qol vuraraq "bankirlər"in heyətində Azərbaycan çempionatının ən sərrast futbolçusu olub. Son mövsümün ikinci hissəsini "Karvan"ın heyətində keçirən Xaqani 13 oyunda 7 qolla yadda qalıb.
23 yaşlı Asif Məmmədov son iki mövsümü "İnter"in heyətində keçirsə də, əsas heyət üzvünə çevrilə bilməyib. Bununla belə, son mövsüm gənc cinah hücumçusu az qala hər oyunda meydana sonradan daxil olmaqla forma geyinmək şansı qazanıb. Mütəxəssislərin fikrincə, sürəti Ilə seçilən Məmmədov kifayət qədər potensiallı futbolçudu.
Tural Cəlilov isə son üç ili "Simurq"un heyətində keçirib və hətta milli komandamıza da dəvət alıb. Hər iki cinahda oynaya bilən Tural bundan sonra "Xəzər Lənkəran"ın uğurları üçün tər tökəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl "Qəbələ" klubundan yığmamızın gənc müdafiəçisi Vurğun Hüseynovu transfer etmişdir.
Bundan əlavə klub 5 futbolçu ilə yollarını ayırıb. Klub Ramazan Abbasov, Ceyhun Sultanov, Tihon Şişov və Tomaş İnemanla əməkdaşlığa son verib. Məşqçilər korpusunun qərarına görə, müqaviləsi başa çatan Denis Kalinkov da yeni mövsümdə "Xəzər Lənkəran"ın heyətində çıxış etməyəcək.
Şərh yaz